Открыть меню

Püstə ağacı

#

 

Shahrun Suleymanova

 

Сегодня день рождения известного писателя Максуда Ибрагимбекова,обогатившего Азербайджанскую литературу своими бесценными произведениями. В дань памяти писателя я осмелилась переводить его рассказ "Фисташковое дерево".Надеюсь перевод получился достойным этому шедевру.

Maqsud Ibrahimbəyov

Püstə ağacı

Əslində bu çox asan bir iş idi:-qıpqırmızı alovun içərisindən yandırıcı bombanın fışıldayan özəyini bax bu maşa ilə götürüb elə burdaca ,damda hazır qoyulmuş su ilə dolu çəlləyə batırmaq, sonra isə həmin çəlləkdən buxarın necə çıxdığına tamaşa etmək. Özü də hökmən həyəcan siqnalları çalınsın, zenit topları atılsın, göydə isə projektorların işıqları rəqs eləsin... Eh!.. Ancaq müharibədə Bakıya bomba atılmadı, heç bir dənəsi də düşmədi. Yəgin ki, bizim həyətin uşaqlarından savayı heç kim buna heyfsilənmirdi. Amma bizim, heç olmasa bircə dənə də olsa, hər hansı bir bombanı söndürməkdən ötrü ürəyimiz gedirdi. Fərqi yoxdu,heç yandırıcı bomba olmasa da olardı.Ancaq bizim bu həngaməmizin heç bir nəticəsi olmadı. Havayi yerə gecə yarısına kimi damda oturub hava hücumunu gözləyirdik. Bütün o qarmaqlar, maşalar və baltalar da o lövhədən boş-boşuna asılmışdılar. Divardan asılan lövhədə hava hücumu zamanı nə etmək lazım olduğu ətraflı izah olunurdu və biz hamımız artıq bunu əzbər bilirdik. Əslində isə buna heç ehtiyac yox idi.Bütün müharibə dövrü ərzində o lövhə orada asılı qaldı və heç bir xeyri də olmadı. Yalnız ayda bir dəfə evlər idarəsinin müdiri elə-belə boş-boşuna gəlib çəlləyin suyunu dəyişdirirdi. Çəlləkdəki su tünd yaşıl rəngdə idi, lap qaraya çalırdı. Müdir elə hey bizə söz verirdi ki, suda çömçəquyruqlar əmələ gələcək. Amma biz nə qədər gözləsək də onlar əmələ gəlmədi. Yəgin hiss eləyiblər ki, əvvəl-axır çəlləyin suyunu dəyişəcəklər və o zaman onların axırı yaxşı olmayacaq. 
Ümumiyyətlə, bizim evlər müdiri çox yaxşı adam idi. O, heç bizim işimizə də qətiyyən qarışmırdı. Biz həyətdə ordu qərargahı yaradanda isə o, qərargahın ətrafında dolanıb ayağı ilə onun divarına toxundu və xahiş etdi ki, biz bu qərargaha çardaq qurmayaq, çünki o çardaq uçsa bizlərdən kiməsə, eləcə də müdirin özünə də buna icazə verdiyinə görə çox pis olacaq. Beləliklə də biz çardaq qurmadıq. Doğrudur, o bizə heç lazım da deyildi əslində. Qərargaha biz ancaq hərbi məşvərət üçün toplaşırdıq, silahları isə zirzəmidə saxlayırdıq. 
Bizim müxtəlif növ silahlarımız var idi. Qılıncları özümüz düzəldirdik: çəlləklərin başına keçirilən dəmir halqaları düzləşdirib əvvəlcə dəmir kəsən alətlə doğrayır, sonra isə qulplarına parça dolayırdıq. Əməlli başlı qılınc alınırdı. Qılınclardan əlavə bizim qundaqsız tüfənglərimiz, iki ədəd daraqsız tapancamız və alman dəbilqələrimiz vardı. Bütün bunları biz Salyan kazarmasının zibilliyindən tapmışdıq. Orda, otluğun üstündə çoxlu sayda müxtəlif silahlar üst-üstə qalanmışdı: zenit toplarının lülələri, qumbaraların tutacaqları, tırtılsız tanklar və üstündə faşist nişanı olan iki təyyarə. Deyirdilər ki, əgər yaxşı axtarsan orda dəzgahlı pulemyot yaxud tank partladan mina belə tapmaq olardı. Biz axtardıq, amma nə pulemyot, nə də mina tapa bildik. Patronları biz konserv qutularına yığır və zirzəmidə bu qutuların altında ocaq qalayırdıq. Özümüz isə həyətdə oturub nə baş verəcəyini gözləyirdik. Hər dəfə də eyni şey olurdu - zirzəmidə dəhşətli atışma başlayırdı: bu, qutularda partlayan patronların səsi idi. Bütün qapılardan ürkmüş qonşular sıçrayıb bayıra çıxırdılar. Onlar nə olub-bitdiyini heç cür anlaya bilmirdilər. Biz isə, sözsüz ki, özümüzü elə aparırdıq ki, guya bütün bunların bizə heç bir aidiyyatı yoxdur. Bir neçə vaxtdan sonra isə Surə xala danışmağa başladı ki, guya zirzəmidə alverçilər yaşayırlar və onlar gecələr bir-birilərinə güllə atırlar. Bir dəfə isə zirzəmidə
növbəti partlayış baş verərkən bir patrul yüyürərək gəldi və dərhal bizi qovalamağa başladı. Bu arada artıq qonşulardan bəziləri Surə xalanın dediklərinə inanmağa başlamışdı.İndiyədək başa düşə bilmirəm ki, həmin patrullar hardan bilmişdilər ki, o patronları biz partladırdıq. 
Elə bil sehirbaz idilər.Aydın məsələdir ki,onlar bizi tuta bilmədilər.Yalnız hədələdilər ki,məktəbimizə xəbər verəcəklər.Biz isə o gündən sonra bir daha patronları partlatmadıq.Amma dava -dava oynlarımız təbii ki,davam edirdi.
Bizim evimiz böyük,və zənnimcə çox gözəldir. O,iki mərtəbəlidir və bütün ikinci mərtəbə boyunca eyvan uzanır.Həyətdə isə nəhəng bir püstə ağacı var.O qədər böyükdür ki,kölgəsi daim ikinci mərtəbənin eyvanına düşür.Çox rahat ağacdır.Biz kəşfiyyatçı oyunu oynayanda onun budaqları arasında gizlənirdik,və heç kim heç cür
bizi ordan tapa bilməzdi.Bakının heç bir həyətində ondan başqa belə böyük bir püstə ağacı yox idi.Payızda isə püstələr yetişirdi.Biz onları dərib qonşuların arasında bərabər bölürdük.Püstələri əvvəlcə qərargaha yığıb gətirirdik.Onlar o qədər çox olurdu ki,püstələrdən böyük bir dağ yaranırdı.Sonra biz onları kisələrə yığıb mənzillərə paylayırdıq. Hər evə püstəylə dolu iri bir kisə düşürdü.Hamı da bizə çox sağ ol deyirdi. Biz ümumiyyətlə hər şeyi qərargaha gətirirdik.Məktəbdə bizə səhər yeməyinə gah vermişel küküsü,gah da piroq verirdilər. Bir gün piroq,bir gün vermişel,kisel isə hər gün verilirdi. Biz kiseli,təbii ki,elə məktəbdə içirdik,kükü ilə piroqu isə qərargaha gətirirdik. Hamı öz payını gətirirdi və orda birlikdə səhər yeməyi yeyirdik.Anam deyirdi ki,bu piroqlar heç də doyumlu deyil,deyirdi ki,onları qaynanmış nişasta ilə bişirirlər. Bu, bəlkə doğrudan da belə idi. Ancaq nə olsun,bir bilsəniz onlar necə də dadlı idilər! Biz bütün işlərimizi qərargahda həll edirdik.Əgər kiminsə əlinə pul düşürdüsə biz həmin pula Bazarnaya küçəsindəki mağazadan ulduz və paqonlar alırdıq.Göstərilən hər şücaəti biz yeni bir ulduzla təltif edirdik. Bu minvalla tezliklə həyətimizdə bir nəfər də olsun sıravi əsgər qalmamışdı. Hamı polkovnik, general və ya marşal idi. İki qız - Namidə və Tosya isə - general sanitar rütbəsi almışdılar. Biz hamımız bilirdik ki, qızlar general ola bilməzlər. Ancaq bizim başqa çarəmiz yox idi. Çünki başqa cürə onlar bizim yaralarımızı sarımağa razılaşmırdılar. Bunu isə hər döyüşdən sonra etmək lazım idi. Biz küçəmizdəki iki həyətin uşaqları ilə döyüşürdük. Döyüşlərimiz çox əla keçirdi. Hamı həyətə çıxıb qılınclaşırdı. Hətta küçədə hərəkət dayanırdı və bütün qonşular pəncərələrə çıxıb bu döyüşlərə tamaşa edirdilər. Hərdən yaralananlar da olurdu, Amma heç vaxt yaralananlardan heç kim ağlamırdı. Bizdə belə uşaqlar yox idi. Döyüşdən sonra isə biz əsirləri və qənimətləri dəyişdirirdik. Bizim həyətimiz tez-tez qalib gəlirdi. Bizdə təcrübəli sərkərdələr və cəsur döyüşçülər daha çox idi. Hər gün biz dava-dava oynayırdıq, amma harda isə əsil dava gedirdi və biz onun haqqında böyüklərdən eşidirdik. Lakin heç vaxt o bizə qorxulu görünmürdü. 
Sonra həyətimizə yeni qonşular köçdü. Bir oğlan və bir qız. Onlar bizdən xeyli kiçik idilər və biz heç onların adlarını da bilmirdik. Onlar həmişə bir yerdə idilər və pilləkənlərdə oturaraq bizim həyətdə necə hərbi parada çıxmağımıza və ya qılınclaşmağımıza tamaşa edirdilər. Onlara birinci mərtəbədə otaq vermişdilər və onlar orada öz anaları ilə birlikdə yaşayırdılar. Mənə elə gəlir ki, anaları heç yerdə işləmirdi, çünki heç vaxt evdən çıxıb heç yerə getmirdi və elə həmişə paltar yuyurdu. Fasiləsiz olaraq püstə ağacının kölgəsində paltar yuyurdu. Səhərdən axşama qədər yuyurdu. Hərdən qamətini dikəldib belini ovuşdururdu, saçlarını səliqəyə salırdı, sonra yenə əyilərək yumağa davam edirdi. Qonşularımız deyirdilərdi ki, o paltaryuyan işləyir, cəmaşirxanadan paltarları gətirib evdə yuyur. Yəgin ki, bu elə belə idi: ola bilməz ki, bir ailədə onun yuduğu qədər çox çirkli paltar olsun. Paltarları yuduqdan sonra o, həyətdə mümkün olan hər yerdə ipdən asırdı və əgər kimsə onlara toxunsa çox pis söyüş söyürdü. 
Bu qadının o qədər pis xasiyyəti vardı ki, hətta öz uşaqları da ondan qorxurdu. Bir sözlə, həyətimizdə yaşamaq çox çətin olmuşdu. Biz nəinki dava-dava oynaya heç tüstü pərdəsi də yarada bilmirdik. Biz onu, kino lentini kağıza büküb sonra isə yandıraraq yaradırdıq. Qonşu qadın deyirdi ki, bu tüstü pərdəsindən sonra onun paltarlarına his çökür. Paltar yuduğu azmış kimi, o yuduğu paltarların suyunu püstə ağacının dibinə tökürdü. Bu su isə kaliumlu olurdu, axı müharibə vaxtı sabun yox idi...İlk vaxtlar o, suyu çirkab quyusuna tökürdü. Sonradan isə yəgin ki, ona çətin oldu. Çünki çirkab quyusu həyətin o başında, darvazanın altında idi, o isə çox çəlimsiz bir qadın idi, paltar yuyanda lap əllərinin damarları çıxırdı. Başqası olsaydı, biz əlbəttə ki, bir təhər kömək edərdik, ancaq o qadın o qədər hirsli idi ki, biz ona kömək etməyə belə qorxurduq. Anam deyirdi ki, çətin həyat tərzindən insanların xasiyyəti korlanır. Amma müharibə vaxtı onsuz da hamıya çətin idi. Məsələn, mənim anam səhərdən axşama kimi işləyir, ancaq evə gəlib mənim qabları və yaxud döşəməni yuduğumu görən kimi o saat gülümsəyir və mən hiss edirəm ki, onun yorğunluğu dərhal keçir. Əgər hamının xasiyyəti bizim qonşu qadının xasiyyəti kimi olsa, onda gərək evdən baş götürüb qaçasan. 
O isə bütün gün yumağa davam edirdi. Uşaqları da bütün gün bikef gəzirdilər, paltarlarının suyunu isə yenə püstə ağacının dibinə tökürdü. Bir dəfə bizim evlər müdiri ona irad tutdu. O isə tasdan aralanıb əllərini sildi və astadan ona nə isə dedi. Müdir qıpqırmızı qızarıb dərhal getdi və bir neçə gün məhəllədə görünmədi. Biz isə hamımız qonşunun ona nə dediyini təxmin etməyə çalışırdıq. Surə xala sonralar hər yerdə deyirdi ki, yeni qonşunun müdirə dediyi sözü təkrar etməyə onun dili dönməz, çünki o, yəni Sürə xala,
utanar, ancaq heç kim ondan bu sözü təkrar etməyi xahiş etmirdi, bizim hamımız öz işlərimizlə məşğul idik, Sürə xala isə istəyirdi ki, kimsə bunu ondan xahiş etsin. 
Ancaq biz heç nəyə baxmayaraq dava-dava oynamağımıza davam edirdik və şənbə günü dərsdən sonra 28 nömrəli evin uşaqları ilə döyüş təyin etmişdik . Və birdən püstə ağacının başına həmin o hadisə gəldi. 
Adətən biz səhər-səhər həyətdə görüşürdük ki, bir yerdə məktəbə gedək. Kimsə püstə ağacına baxdı və gözlərinə inanmadı, bu lap yuxu kimi idi: ağac tamam çılpaq qalmışdı, onun bütün yarpaqları bir gecədə tamamilə tökülmüşdü, lüt qalmış budaqlarda isə qaralamış püstə salxımları sallanırdı. Həyətdə bir mərəkə qopdu ki, gəl görəsən. Ümumiyyətlə, bizim həyətdə dava-dalaşlar olurdu, xüsusən də yayda. Bir dəfə isə qonşu qadınlardan biri digərini faşist adlandıranda az qala lap əlbəyaxa olmuşdular. Ancaq o günkü kimi səs-küy indiyədək görünməmişdi. Hamı eyni anda qışqırırdı və heç nə başa düşmək olmurdu. Mən sadəcə onu eşidə bildim ki, qonşu qadınlardan biri dedi: "axır ki, bu alçaq qadın ağacı məhv elədi!" O bu sözləri təzə qonşu haqqında deyirdi. Başqa bir qonşu isə elə hey deyirdi ki, aqronom çağırmaq lazımdır, bəlkə hələ ağacı xilas etmək mümkün oldu. 
Yeni qonşu səs-küyə çıxdı, sakitcə dayanıb qulaq asdı. Elə bil heç bu hay-küy ona aid deyildi. Sonra isə var gücü ilə qapını çırpıb içəri girdi. 
Elə həmin gün aqronom gəldi, o püstə ağacına baxıb dedi ki, bu ağacdan artıq heç bir xeyir gəlməz. Onu sadəcə odun kimi doğrayıb işlətmək olar. O, bu sözləri dedikdən sonra çıxıb getdi. 
Həmin gün şənbə günü idi və biz 28 nömrəli evin uşaqları ilə olan döyüşü təxirə saldıq. Bu uşaqların bizim haqqımızda nə düşünəcəkləri vecimizə deyildi. Biz qərargahda oturmuşduq. Bir yerə toplaşıb təzə qonşuya nə deyəcəyimizi müzakirə edirdik və qərara gəldik ki, onun haqqında düşündüklərimizi gedib üzünə deyək. Deyək ki, o çox pis və axmaq qadındır. Və biz istəmirik ki, o bizim həyətimizdə yaşasın. 
Biz hamımız onun qapısına yaxınlaşıb döyməyə başladıq. Bir neçə dəfə döysək
də bizə cavab verən olmadı, onda biz içəri girməyi qərara aldıq. Hamı içəri girdi. O, çarpayıda oturub ağlayırdı. Mən hələ heç vaxt həyatımda heç kimin belə ağladığını görməmişdim. O, paltar yumaqdan şişmiş göy damarlı əllərini üzünə sıxıb ağlayırdı. Onun oğlu ilə qızı bizim gəlişimizdən bir neçə saniyə sonra qorxmuş halda susdular, sonra isə birlikdə hıcqıraraq analarının qucağına atıldılar. Biz isə - polkovniklər, general və maşalılar - onun qarşısında dayanaraq susurduq və hər kəs boğazında düyünlənən qəhəri boğmağa çalışırdı. Deyəsən biz ona demək istəyirdik ki, dünyada heç bir ağac, hətta ən gözəli belə, insanın göz yaşlarına dəymir və yəgin ki, əgər biz böyük olsaydıq, ona elə belə də deyərdik... Amma belə vəziyyətlərdə böyüklərin nə deyəcəklərini heç kim bilmir. 
Biz hamımız dönüb ştaba getdik. Paqon və ulduzlar üçün yığdığımız pulları götürüb Quba meydanına yollandıq, 28 nömrəli evin uşaqları da bizim arxamızca gəldilər. Orada biz ağac tinglərinin harada satıldığını xeyli axtardıq. Bizə köynək, konservləşdirilmiş donuz əti, müxtəlif növ başqa konservlər və kokos yağı almağı təklif etdilər. Biz isə cavab verdik ki, bizə nə yumurta tozu, nə də patefon valları lazımdır. Onlara dedik ki, biz püstə ağacı axtarırıq. Nəhayət biz çoxlu şitillər və tinglər yığılmış yerə yaxınlaşdıq. Şüşə qabların içində isə cürbəcür toxumlar var idi. 
Biz satıcıya yaxınlaşıb ondan püstə ağacı soruşduq. 
-Banan ağacı? -satıcı soruşaraq qonşusuna göz vurdu. 
Biz dedik ki, bizə püstə ağacı lazımdır və pullarımızı ona verdik. Satıcı yerə səpələnmiş ting topasının içindən bir dənəsini çıxarıb bizə uzatdı. O bizə dedi ki, bu "bu elə əsil püstə ağacının özüdürki var, daha bundan o tərəfəsi yoxdur" və məsləhət gördü ki, onu tez-tez sulayaq. Biz onu növbə ilə daşıyaraq evə gətirdik.Bütün günü çuxur qazıb yer belləməklə məşğul olduq. Sonra isə bizim ağacımız üçün gübrə toplamağa getdik, 28 nömrəli evin uşaqları da bizimlə getdilər. 
Bundan sonra isə biz hamımız birlikdə təzə qonşumuz
gilə gedib, ona dedik ki, yeni ağac əkmişik. Artıq onun ağlaması üçün bir səbəb yoxdur. Onu da dedik ki, indən belə bir az ehtiyyatlı olsun və bu ağacın dibinə kaliumlu su tökməsin. O zaman hər şey qaydasında olacaq. 
O bizim hamımızın başını sığalladı, sonra isə dedi ki, biz tez çıxıb gedek, yoxsa o bu dəqiqə ağlayacaq. Onun səsi çox qəribə idi. Sanki nə isə onu çox incidirdi və onun üzü də ağlamsınmış kimi görünürdü ,amma buna baxmayaraq çox gözəl idi. Deyəsən biz getdikdən sonra o, doğurdan da ağlamışdı, ya da ki, bizə elə gəlmişdi. Axşam anam mənə dedi ki, müharibədə təzə qonşunun ərini öldürüblər və o dünən qara xəbər alıb. Həmin gündən biz həyətdə dava-dava oynamağı dayandırdıq. 
Bizim ağacımız isə böyüdü, amma püstə ağacı deyil, hansısa naməlum bir ağac növü oldu. Biz onu hamımız sulayırıq, hamıdan daha səliqəli isə təzə qonşumuz sulayır. Özü də hardan təzə oldu, -axı düz iyirmi il keçib. Bütün qonşularımız bu ağacın kölgəsinə söhbət etməyə yığışırlar və heç kim təəssüf etmir ki, o, püstə ağacı deyil. 
1968.

Комментарии (0)

Добавить комментарий